top of page
1_edited_edited_edited.jpg
Azərbaycan Misgərlik Sənəti

Minilliklər ərzində Azərbaycanın metal işləmə sənəti özünəməxsus inkişaf yolu keçmişdir. Ölkəmiz zəngin xalq sənəti ənənələrinə malikdir və misgərlik bu irsin ən parlaq qollarından biridir. Azərbaycanda yerli mis yataqlarının mövcudluğu misgərliyin ixtisaslaşmış bir sənət növü kimi təşəkkül tapmasına və yüksəlişinə mühüm zəmin yaratmışdır.

Eramızdan əvvəl VI–IV minilliklərdə insanlar ilk dəfə metalla — mislə tanış olmuş, ondan müxtəlif əmək alətləri, məişət qabları və bəzək əşyaları hazırlamağa başlamışlar.

Orta əsrlərdə mis məmulatlarının istehsalı əsas sənətkarlıq və ticarət mərkəzlərində cəmləşmişdi. Mis istehsalının inkişafı bir sıra köməkçi sahələrin — metalın yüksək temperaturda əridilməsi və emalı üçün kömür istehsalının, alətlərin hazırlanması üçün dəmirçiliyin, mis qabların qorunması və tamamlanması üçün isə qalayçılığın yaranmasına rəvac vermişdir.

1.jpg
1111.jpg

XIX əsrin ikinci yarısından etibarən Gədəbəy və Zəngəzur mis zavodlarının işə düşməsi yerli mis istehsalını əhəmiyyətli dərəcədə artıraraq, misgərlik emalatxanalarının xammal təchizatında köklü dönüş yaratdı. Azərbaycanda həmçinin xüsusi "misgərlər şəhəri" statusuna malik mərkəzlər mövcud idi. Təbriz, Ərdəbil, Marağa, Bərdə, Beyləqan, Dərbənd, Şamaxı, Şəki, Gəncə, Bakı, Naxçıvan, Quba və Şuşa misgərliyin əsas mərkəzləri hesab olunurdu.

Onların arasında İsmayıllı rayonunun 1500 illik tarixə malik Lahıc qəsəbəsi xüsusi yer tutur. Lahıc Azərbaycan misgərliyinin paytaxtı və qədim sənətkarlıq mərkəzi sayılır. Təkcə XIX əsrdə burada 40-dan çox əsas və köməkçi sənət növü inkişaf etmişdi. Lahıcın mis məmulatları həm yerli məişətdə, həm də muzeylərdə özünə layiq yer qazanıb. Bu gün dünyanın bir çox muzeylərində Azərbaycanda hazırlanmış mis qablar, o cümlədən silah ustalarımızın hazırladığı nümunələr nümayiş etdirilir. Lahıcda ənənəvi mis istehsalı üsulları bu gün də qorunub saxlanılır.

Lahıcda mis istehsalı, əsasən, hər iki tərəfi misgərlik emalatxanaları ilə əhatələnmiş və "Misgərlər bazarı" kimi tanınan Ağalı məhəlləsində cəmləşmişdi. Burada emalatxanalar həm istehsalat sahəsi, həm də mağaza funksiyasını yerinə yetirir, hazır məhsullar elə oradaca satışa çıxarılırdı. XIX əsr Qafqazın sənətkarlıq istehsalına dair tədqiqatlarına əsasən, Lahıcda 200-dən çox belə emalatxana-mağaza fəaliyyət göstərib.

“Lahıc misgərlik sənəti” 2015-ci il noyabrın 30-dan dekabrın 4-dək Namibiyada keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 10-cu sessiyasında UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

6MH.jpg
0N4A6298_edited.jpg

Mis qablar Azərbaycan süfrə mədəniyyətinin ayrılmaz hissəsidir. Azərbaycan xalqı qonağa hər zaman xüsusi ehtiram göstərmiş, səxavətli və bol süfrələri ilə tanınmışdır. Təsadüfi deyil ki, "Kitabi-Dədə Qorqud" dastanında süfrə açmaq və qonaq qarşılamaq şücaətlə bərabər tutulur, nəcabət rəmzi hesab olunurdu. Bu gün də əliaçıq və alicənab insanlar "nəcabətli", "süfrəsi açıq", "genişqəlbli və qonaqpərvər", "qonaq-qaralı", "qapısı hər kəsə açıq" kimi ifadələrlə vəsf olunurlar.

Tarixən mis qab-qacaqdan Azərbaycanın gündəlik məişətində, eləcə də toy və bayram şənliklərində geniş istifadə edilmişdir. Bədii və estetik görünüşün əhəmiyyətini nəzərə alan misgərlər öz əl işlərini bir-birindən nəfis nəbati və həndəsi naxışlarla, həmçinin süjetli təsvirlərlə bəzəyirdilər. Mis qabların üzərinə həkk olunan yazılar onların təyinatına uyğun olaraq xüsusi diqqətlə seçilirdi. Sərpuşların üzərindəki yazılar yemək və qonaqpərvərliyə, piyalələrdəki kəlamlar şərab və şərbətə aid olurdu; məcməyi və boşqablar isə bolluq və bərəkət haqqında xeyir-dualarla bəzədilirdi.

Mağaza

Məhsullar

Tarix

Haqqımızda
Bizimlə Əlaqə

 

Bizimlə Əlaqə

Bakı, Azərbaycan

Telefon: +994502402500

E-poçt: info@misheritage.com

  • Instagram

Müştəri Dəstəyi

© 2025. MiSHERITAGE

bottom of page